Bakı

BAKI VƏ ONUN ƏTRAFI

BÖYÜK BAKI

Xəritədə Azərbaycanın təsviri dənizə doğru uçan quşa oxşayırsa onun "dimdiyi" - ABŞERON YARIMADASIDIR. Azərbaycanın paytaxtı - qədim və daim cavan olan Bakı şəhəri bu yarımadanın cənub-qərb sahilində yerləşmişdir.

Bakının coğrafi koordinatları belədir: 39 dərəcə 39 dəqiqə - 40 dərəcə 03 dəqiqə şimal en dairəsi, 49 dərəcə 39 dəqiqə - 49 dərəcə 59 dəqiqə şərq uzunluq dairəsi.

Şəhərin əhalisinin sayı təqribən 2 milyon nəfərdir. Bakı inzibati baxımdan Abşeronun qəsəbələrindən (onların sayı 32-dir) ayrılmasına baxmayaraq tarixən bu qəsəbələr paytaxtla istər mədəni və iqtisadi baxımdan, istərsə də məkan etibarı ilə vəhdət təşkil edir. Buna görə də bütün Abşeron yarımadası paytaxtla birlikdə "Böyük Bakı" adlanır.

Abşeronda və Bakıda respublikanın əsas nəqliyyat magistraları - HEYDƏR ƏLİYEV ADINA BEYNƏLXALQ HAVA LİMANI, Bakı buxtasındakı böyük dəniz limanı (yeri gəlmişkən, bu liman bütün Xəzər dənizində ən böyük limandır.), Bakıdakı dəmiryol vağzalı və Respublika paytaxtını regionlarla birləşdirən şosse yolları vardır.

Neftin və qazın nəql edilməsi üçün əsas magistral boru kəmərləri də buradan, Abşerondan başlanır. Bakı TRASEKA (Avropa-Qafqaz-Asiya) beynəlxalq nəqliyyat dəhlizinin əsas məntəqəsidir. Bu layihə çərçivəsində Azərbaycan tarixi Böyük İpək Yolu marşrutunun bərpa olunmasında iştirak edir.

İQLİMİ. Abşeron yarımadası dünya okeanı səviyyəsindən 28 metr aşağıda yerləşir. Bakının və Abşeronun iqlimi mülayim- isti, yarımsəhra və çöl iqlimi olub yalnız Abşerona xas olan küləklərlə səciyyəvidir. "XƏZRİ" deyilən şimal küləyi yayda havanı sərinləşdirir, qışda isə hədsiz dərəcədə soyudur. "GİLAVAR" deyilən cənub küləyi yayda isti gətirir, qışda isə soyuğu bir qədər mülayimləşdirir. Ümumiyyətlə müasir Bakının iqlimi bakılıların sevə-sevə becərdikləri bağların və parkların sayəsində xeyli mülayimləşmişdir. XX əsrin əvvəllərində güclü külək və toz əldindən Bakının küçələrinə çıxmaq mümkün deyildi, bu gün isə Bakı ilıq və rahat həyat tərzi ilə seçilən bir şəhərə çevrilmişdir.

FAYDALI QAZINTILAR. Abşeron yarımadasında neft, qaz, inşaat daşı ("badamdaş" deyilən əhəng daşı), duz, qum və əhəng yataqları vardır. Abşerondakı Masazır, Qala, Böyük Şor, Xoca Həsən duz gölləri çox məşhurdur. Dünyada ən qədim neft quyularının bir qismi Abşeronda yerləşir. Vaxtilə insanlar bu quyulardan nefti verdrələrlə çıxarırdılar. Sənaye üsulu ilə neft çıxarılan ilk quyuların da bir neçəsi buradadır.

TƏBİƏTİN GÖZƏL MÜƏMMASI sayılan PALÇIQ VULKANLARININ sayına və müxtəlifliyinə görə Azərbaycan dünyada birinci yeri tutur. Yer kürəsinin müxtəlif ölkələrində mövcud olan 800 məlum palçıq vulkanından 400-ü cənubi Xəzər neft-qaz hövzəsi hüdurlarında, o cümlədən 300-dən çoxu Azərbaycanın quru ərazisində və Xəzər akvatoriyasında - dənizdə və çoxsaylı adalarda yerləşir.

Dünyada mövcud olan palçıq vulkanlarının bütün müxtəlif növləri Azərbaycanda təmisil edilmişdir. Bu diyarı palçıq vulkanizminin təbii anbarı və laboratoriyası adlandırsaq mübaliğə olmaz. Buna görə də son illərdə vulkanizm, geodinamika və seysmiklik məsələləri üzrə beynəlxalq elmi formlar məhz Bakıda keçirilir.

Palçıq vulkanları ölkəmizə gələn turistlərin də diqqətini get-gedə daha çox cəlb edir. Abşeronun çöllük və qayalıq landşaftı, onun vulkanları planetimizin gənclik dövrünü xatırladır. O vaxt Yer kürəsində nə insan vardı, nə də ay landşaftları. Lakin Azərbaycan vulkanları canlıdır, onlar nəfəs alır…

QOBUSTAN PETROQLİFTLƏRİ - AÇIQ SƏMA ALTINDA MUZEYDİR. Petroqliflər, yəni qayaüstü rəsmlər Yer planetində insanın təkamülünün bədii "arxividir". Bu cür arxivlərin "sənədləri" isə insanın öz mənliyini ətraf aləmə ilk dəfə translyasiya etməsinə bənzəyir. Azərbaycanda açıq səma altında bir neçə bu cür "arxiv" var. Onlardan biri və yəqin ki, ən böyüyü QOBUSTANDA - Bakının yaxınlığındakı BAKI DÖVLƏT TARİXİ-ETNOQRAFİK VƏ BƏDİİ QORUQDA yerləşir. Böyük Qafqaz dağlarının cənub-şərq ətəklərində yerləşən bu qayalı massiv Xəzər dənizinin yaxınlığında, qədim Şirvan yolu boyunca çəkilmiş müasir şosse yolunun üzərindədir. Burada çoxsaylı qayaüstü təsvirlər, qayaların altında yerləşən qədim insan məskənləri və kurqan qəbrləri aşkar edilmişdir. Həyatının 35 ilini Qobustanın öyrənilməsinə həsr etmiş iki arxeoloq - D.Rüstəmov və onun həyat yoldaşı F.Muradova bu fikirdədirlər ki, Qobustan petroqliflərinin ən qədim hissəsi bəşəriyyətin inkişafının ilk dövründə insanın ən nikbin və özünüifadə formasının sadəliyinə baxmayaraq olduqca informativ həyat mənzərəsidir. Onlar təqribən 20 qaya altı məskəni tədqiq etmiş, 40 yaxın kurqanda qazıntı aparmış, üzərində təsvirlər olan 300 yeni qaya və daş aşkar etmişlər. Lakin Qobustan qayaları təkcə insan həyatının ən qədim dövrünün şahidləri deyil. Bu qayalarda regionun 15 min illik həyat tarixi - yuxarı paleolit dövründən orta əsrlərə qədər böyük bir zaman kəsiyi əks olunmuşdur.

Qobustanın ilk tədqiqatçısı arxeoloq İshaq Cəfərzadə 1939-cu ildə bu unikal yerlər barədə ilk dəfə dünya elminə məlumat vermişdir.

Bu gün Qobustanda 4000-dən çox petroqlif (daş üzərində oyma texnikası əsasında çəkilmiş qayaüstü rəsmlər) aşkar edilmişdir. Bu rəsmlərdə heyvan və balıq ovu, məişət səhnələri, kollektiv rəqslər, müxtəlif, o cümlədən solyar rəmzlər (svastika, spirallar, xaç), bürclər, kişilər və qadınlar (maraqlıdır ki, o vaxtlar qadınlar kişilərlə birlikdə ova gedirmiş), ceyran, dağ keçisi, şir, keçi kimi heyvanların təsvirləri, qamışdan düzəldilmiş qayıq, iki təkərli araba və insan izlərinin rəsmləri vardır. Qobustanda qeyri-adi "qablar" - daş üzərində çapılmış və hətta naxışlarla bəzədilmiş oyuqlar salamat qalmışdır. Burada qeyri adi "çalğı alətləri" - güclü səslər verən daşlar da var. Hər daşın öz tembiri olduğuna görə onlara "QAVAL DAŞ" deyilir.

Qobustan qayalarında bizim eranın I əsrində Roma legionerlərinin burada olmasını təsdiq edən əlamətlər də qalmışdır. İşğal edilmək üçün cəlbedici olan bu region romalıların diqqətindən yayılmamışdır. Buradakı qayalardan birinin üzərində 11-ci şimşək legionun romalı senturionları tərəfindən latın dilində bir mətn yazılmışdır. Həmin yazıda göstərilir ki, o dövrdə Romada imperator Domitsian Sezar Avqust Germanik hakimiyyətdə olmuşdur. İndi Qobustan YUNESKO-nun "Dünya irsi" siyahısına daxil olunmaq üçün nominasiya edilmişdir.

 ABŞERONUN TARİXİ. Abşeronun coğrafi iqlim və geoloji amilləri sayəsində bütün Abşeron yarımadası və Bakı ərazisi 20.000 il bundan əvvəl məskunlaşmışdır. (Yeni Suraxanı qəsəbəsinin yaxınlığında qədim insan məskənləri aşkar edilmişdir.). Ümumiyyətlə bütün yarımadada qədim insan məskənləri tunc dövrünə və erkən dəmir dövrünə aid kurqanların sayı hesabı yoxdur. Burada həmçinin daşdan yonulmuş, üzərində sujetli rəsmlər çəkilmiş antropomorf fiqurlu qədim qəbristan kompleksləri aşkar edilmişdir (Dübəndi, Türkan, Xaşaxuna, Mərdəkan, Şüvəlan qəsəbələri). Azərbaycanın və Qafqazın heç bir başqa regionunda bu cür komplekslərə rast gəlmək mümkün deyil. Pirallahı adasında, Zığ gölündə, Binəqədidə və Əmircanda qədim insan məskənləri aşkar edilmişdir (e.ə.III-I minilliklər). Bütün bunlar onu göstərir ki, bütövlükdə Abşeron yarımadası hələ qədim vaxtlardan insanların dinc yaşaması üçün onları cəlb edirmiş. Lakin bu yarımadanın geostrateji mövqeyi müxtəlif işğalçıları da buraya cəlb edirdi.

Abşeronda ən böyük qəsəbə MAŞTAĞA kəndidir. Burada tunc dövrünə və dəmir dövrünə aid insan məskənlərinin qalıqlarından əlavə nisbətən sonrakı dövrə aid abidələr də qalmışdır: BİRƏ ARBUTAY məscidi (1414-cü il), XOCA AYDƏMİR məscidi, QAZIXANA, XOCA KƏRBƏLAYI HÜSEYN məscidi (XVIII əsr), XIII-XIV əsrlərdə tikilmiş və sonradan 40 m hündürlüyündə minarə əlavə edilmiş məscid, XVII əsrə aid HAMAM, OVDAN (sututar, XIX əsr); AQİL BABA, XOCA ASLAN, HƏSƏNBƏY, XOCA AYDƏMİR türbələri (XVIII əsr).

Abşeronun QALA kəndində yerləşən "QALA" Bakı Dövlət Tarix-Etnoqrafiya qoruğunda qədim məscidlər, yollar, ovdanlar, qədim qəbristan (XV əsr), hamamlar, tunc dövrünə aid insan məskənləri qorunub saxlanır. Abşeronda çox özünəməxsusluğu ilə seçilən Qala qəsəbəsini bəzən Abşeronun "İçəri şəhəri" adlandırırlar.

Bakıdakı ATƏŞPƏRƏSTLƏR MƏBƏDİ - ATƏŞGAH (Od evi) paytaxt qonaqlarının böyük marağına səbəb olur. SURAXANI qəsəbəsində yerləşən Atəşgah (XVII əsr) qaya üzərində yerləşir. Burada minilliklər boyu yerdən təbii şəkildə çıxan qaz yanmışdır. MƏMMƏDLİ kəndinin yaxınlığında çox maraqlı bir təbii hadisəni müşahidə etmək olar: burada qayanın ətəklərində yerdən çıxan təbii qazlar fasiləsiz yanır. Buna görə də həmin yer "YANARDAĞ" adlanır. Qədim dövrlərdə Abşeronda bu cür yerlər çox olmuşdur.

Abşeronda çox qədim "LEYlər" də aşkar edilmişdir. Malta adasındakı əsrarəngiz "yolların" tam analoqu olan bu LEYlərin çoxu birbaşa dənizin içərisinə uzanıb orada itir…

BAKI. Bu şəhər ən qədim dövrlərdən Xəzər sahilində salınmış ilk dəniz limanlarından biri olmuşdur. Qədim dəniz yollarından biri - Volqa boyunca Həştərxana, oradan da dənizlə Bakıya gələn yoldan istifadə edərək işğalçıların qayıqları və Rusiyadan eləcədə Avropa ölkələrindən dinc ticarət karvanları Bakıya gəlirdi. Tacirlər və səyyahlar buradan yollarına davam edərək cənub-qərbə, Gürcüstan ərazisindən keçməklə Qara dəniz sahilindəki ölkələrə, Şərqə, İrana, Çinə, Hindistana gedirdilər. Azərbaycan Avropa ilə Asiyanın şərti sərhəddində yerləşən bir ölkədirsə, Bakı və Abşeron bu ölkənin əsas darvazalarından biri sayıla bilər. Avropa ölkələrinin sakinləri Asiya ilə daha yaxından tanış olmaq üçün bu darvazadan keçməli olurdular. Avropaya can atan Asiya və uzaq Şərq ölkələrinin sakinləri isə Bakıdan da yan keçmirdilər. Böyük İpək Yolunun bir şaxəsi buradan keçirdi.

Bəzi yazılı mənbələrdə qədim Qafqaz Albaniyasında BARUKA adlı bil şəhər barədə məlumat verilir. Alimlərin fikrincə, bu ad Bakıya aiddir. Qədim dövrün müxtəlif yazılı mənbələrində Bakı şəhərinin Baqavan, Atəşi Baqavan, Bakux, Bakuya, Bad-Kubə, Bakı və Baka kimi qədim adlarına rast gəlmək olar.

Şirvanşahlar dövlətinin yarandığı dövrdə Bakının əhəmiyyəti daha da artdı. XII əsrdə baş vermiş güclü zəlzələ nəticəsində Şamaxı ciddi zərər çəkdi və bundan sonra arvadı və uşaqları həlak olmuş Şirvanşah I Axisitan Şirvan dövlətinin paytaxtını Bakıya köçürdü. Beləliklə Bakı Şirvanın əsas şəhərlərindən birinə çevrildi. Şirvanşah öz yeni paytaxtında İçəri şəhərin qala divarlarını ucaltdı, bu divarların dövrəsində xəndək qazdırdı. Şəhərin əhalisi sənətkarlıqla məşğul olur - xalça, mis və tunc qab-qacaq, silah hazırlayardı. Bu xalq sənəti nümunələrinin çoxu indi dünyanın müxtəlif ölkələrinin muzeylərində saxlanılır. Bakı Xəzər dənizində strateji limana çevrildi, bu isə onun daha da tərəqqi etməsi üçün əlverişli şərait yaratdı.

Şirvanşahlar Xəzərdə güclü donamma yartmışdırlar. Şirvanşah I XƏLİLULLAHIN hakimiyyəti dövründə (1417-1462) Bakıda çox böyük tikinti işləri aparılır, iqtisadiyyat və mədəniyyət möhkəmlənirdi. 1501-ci ildə ŞAH İSMAYIL SƏFƏVİ Bakını fəth etdi. ŞAH TƏHMASİBİN dövründə (1538-ci il) Şirvanşahlar dövləti SƏFƏVİLƏR dövlətinin tərkibinə daxil oldu. XVIII əsrdə bu dövlət parçalanandan sonra burada müstəqil BAKI XANLIĞI yarandı.

Həmin dövrdə Rusiya imperyasının Qafqaza geopolitik marağı çox güclənmişdi. Bu baxımdan, Bakı xüsusi əhəmiyyət kəsb edirdi. Rusiya çarı I PYOTR Xəzərə yürüş etdi. 1723-cü ildə o, Xəzərə ekspedisiya göndərdi və həmin ildə Pyotrun qoşunları Bakı, Şamaxı, Şirvan, Dərbənd və İranın Xəzəryanı şəhərləri də daxil olmaqla bütün Xəzəryanı bölgəni tutdular. Rusiya ilə İran arasında gedən müharibələr 1813-cü ildə GÜLÜSTAN SÜLH MÜQAVİLƏSİNİN bağlanması ilə başa çatdı. Həmin müqaviləyə əsasən Azərbaycan iki hissəyə parçalandı: şimal hissə Rusiyanın, cənub hissə isə İranın əlinə keçdi.

 BAKININ ABİDƏLƏRİ. Bakıdakı tarixi abidələr arasında ən çox maraq doğuran - üç tərəfdən böyük qala divarı ilə əhatə olunmuş qədim İÇƏRİŞƏHƏRDİR. ŞİRVANŞAHLAR SARAYI və ona aid müxtəlif tikililər kompleksi (məqbərə, saray məscidi, divanxana, saray hamamı, saray alimi Seyid Yəhya Bakuvinin məqbərəsi (Dərviş turbəsi)) burada yerdəşir. Şirvanşahlar sarayı Şirvanşah I Xəlilullah (1417-1462-ci ildər) və onun oğlu Fərrux Yasər (1962-1501) tərəfindən tikilmişdir. İÇƏRİŞƏHƏRDƏKİ qədim abidələrdən CÜMƏ MƏSCİDİ də maraq doğurur. Bu məscidin binasında SULTAN OLCAYTUNUN (XIII əsr) yazdığı bir mətn qalmışdır. İÇƏRİŞƏHƏRİN küçələri çox darısqaldır. Bəzən evlər arasındakı keçid o qədər ensizdir ki, insan əllərini yanlara açanda bütün küçəni tutmuş olur. Buradakı çoxsaylı balaca dükanlarda xalq sənətkarlarının əl işi olan qədim və müasir məmulatlar xalçalar, keramika məhsulları, mis qablar və s. əşyalar almaq mümkündür. İçəri şəhərdəki qədim Karvansara binasındakı restoranlarda Azərbaycan milli mətbəxti ilə tanış ola bilərsiniz.

Şəhərə onun yuxarı hissəsindən - dağüstü parkdan və ya dəniz tərəfidən baxanda Bakı qayalı təpələrin yamaclarında yerləşən amfiteatra oxşayır. O, dəniz sahilindəki piyaləni xatırladır. İçəri şəhərin kənarında böyük BAKI BULVARININ yanında ölkəmizin ən əhəmiyyətli tarix-memarlıq abidələrindən biri Bakının rəmzinə çevrilmiş QIZ QALASI ucalır.

 QIZ QALASI XII əsrə aid edilir.Alimlərin fikrincə, bu qala hərbi və müdafiə təyinatlı olmuşdur və Azərbaycanın şimal sərhədlərindən - Dərbənd qalasından başlanan bütöv bir hərb - müdafiə tikililəri kompleksinin bir hissəsindir. Gilgilçay müdafiə istehkamları kompleksi dənizdən başlanırdı. Çıraqala dağlarındakı böyük qüllə ilə başa çatan bu sədd boyunca çoxlu qalalar ucaldılmışdır.

Lakin alimlər hələ QIZ QALASININ bütün sirlərini aça bilməmişlər. Məsələn, bu qalanın daha əvvəl tikilməsi barədə faktlar vardır. Bakılıların çoxu ölkəmizin tarix və memarlığının unikal nümunəsi olan QIZ QALASINI təkcə dini, müdafiə və elmi (astronimik) baxımdan deyil həm də ezoterik baxımdan çox əhəmiyyətli hesab edirlər. Buna görə də şəhər folklorunda həm QIZ QALASININ özü, həm də onun adı haqqında çoxlu rəvayətlər var.

Həmçinin belə hesab edirlər ki, bir vaxtlar Bakının yaxınlığında dənizin içində Qız qalasına oxşayan daha bir qüllə olmuşdur. Dəqiq məlum olan isə budur ki, 1235-ci ildə Şirvanşah III Fariyburz Bayıl buxtasının qayalı adılarının birində (müasir Bakının ucqar guşəsi olan Bayıl buxtası Bakıda ən qədim neftçıxarma rayonudur) istehkam ucaltmışdır. Burada uzunluğu 180, eni 40 m olan qeyri-düzgün formalı düzbucaqlı şəkilndə bir qəsr vardır. Qəsrin dövrəsinə qalınlığı 1,5-2 m olan qala divarı çəkilmiş, divarda 15 keşikçi qülləsi düzəldilmişdir. Qalanın yuxarı hissəsi boyunca 400 m uzunluğunda mətn yazılmışdır. Bu mətndə Şirvanşahlar sülaləsinin genealogiyası təsvir edilmişdir. Qalanın salamat qalmış daşlarının birinin üzərində yazılmış "Bəndər-i Bakı" ("BAKI LİMANI") sözləri vardır. Bu, şəhərin girəcəyində ucaldılmış dəniz qalası idi. Çünki hələ XII əsrin axırlarında Şirvanşahların güclü donanması vardı. XIII əsrdə monqolar uzun müddət bu qalanı mühasirədə saxlamış, toplardan atəş açaraq qalanı xeyli dağıtmış, lakin onu tuta bilməmişdilər. Bu qəsrli qala sahildən 350 m aralıda yerləşir. 1306-cı ildə baş vermiş zəlzəldən və onun ardınca Xəzərdə suyun səviyyəsi qalxandan sonra həmin ada və oradakı qala suyun altında qalmışdır. Arxeoloji kəşfiyyat zamanı dənizin dibindən üstü yazılı 700-ə yaxın daş, gil qabların fraqmentləri və bütöv qablar, Şirvanşah Kerşasbın (XIII əsr) zərb etdirdiyi mis sikkələr, saxsı boru parçaları tapılıb üzə çıxarılmışdır. İndi həmin daşların bir neçəsi şirvanşahlar sarayının həyətində qoyulmuşdur. Suyun altında qalmış qalanın özü isə "ŞƏHRİ SƏBA", "Səbail qəsri" və ya "Bayıl daşları" adı ilə məşhurdur.

Bugünkü Bakı - Şərqin bənzərsiz gözəllikləri və müasir meqapolisə xas olan cizgilərə malik müasir şəhərdir. Azərbaycanın paytaxtı olan Bakıda bir neçə muzey vardır: Azərbaycan tarixi muzeyi, Ədəbiyyat muzeyi, Musiqi mədəniyyəti muzeyi, Xalça muzeyi, Teatr muzeyi, burada həmçinin müasir Azərbaycan musiqisinin banisi ÜZEYİR HACIBƏYOVUN, məşhur Azərbaycan bəstəkarı NİYAZİNİN, bəstəkar və caz ifaçısı VAQİF MUSTAFAZADƏNİN, Bakıda anadan olmuş dünya şöhrətli musiqiçi MSTİSLAV ROSTROPOVİÇİN, yazıçı və dramaturqlardan HÜSEYN CAVİDİN, CƏFƏR CABBARLININ, MƏMMƏD SƏİD ORDUBADİNİN və başqalarının xatirə muzeyləri, unikal mineatür kitab muzeyi fəaliyyət göstərir.

Paytaxtda çoxsaylı sərgi və konsert salonları, sənət qalereyaları, teatrlar, idman kompleksləri, stadionlar, üzgüçülük hovuzları, otellər və restoranlar vardır.

Bakının dövrəsində Abşeron yarımadasının bütün perimetri boyunca çoxlu çimərliklər var. İlin 5 ayında Abşeron çimərliklərində günəşdən qaralmaq və çimmək mümkündür. Burada günəşli və qızmar günlər çox olur. Yayda havanın istisi azalanda, günəş batandan sonra çimərliklərdə diskotekalar və gecə klubları işləməyə başlayır. Burada Xəzərin sahilindəki çoxsaylı otellər, istirahət evləri və sanatoriyalar turistlərə və dincələnlərə öz xidmətlərini təklif edir.