Şimal-Qərb

ŞİMAL-QƏRB

  

ŞİMAL-QƏRB MARŞRUTU: BAKI - MƏRƏZƏ - ŞAMAXI - İSMAYILLI - QƏBƏLƏ - OĞUZ - ŞƏKİ - QAX - ZAQATALA - BALAKƏN

MƏRƏZƏ

 QOBUSTAN RAYONU ölkəmizin Şirvan adlanan tarixi vilayətinin inzibati rayonlarından biridir. Şirvan ərazisində 8-16-cı əsrlərdə Azərbaycanın ən mühüm dövlət qurumlarından biri- paytaxtı Şamaxı şəhərində yerləşən Şirvanşvhlar dövləti mövcud olmuşdur. Orta əsrlərin Şərq tarixində bu ən uzun müddət mövcud olmuş dövlət idi.

İndiki Qobustan rayonu Şamaxıdan şərq tərəfdə, Bakıdan 101 km aralıda yerləşir. Burada ərazinin relyefi-dərələr, yarğanlar, qayalar, toponimik şəkildə öz əksini tapmışdır. Bu yerlərin baharı çox gözəl olur-lalələr, çobanyastığı, qaymaqçiçəyi gül açır.

Rayonun İQLİMİ əsas etibarı ilə yarımsəhra iqlimidir. Burada ən maraqlı və turistlər üçün cəlbedici obyekt şəhərin yaxınlığındakı dərədə, SÖYÜNLÜ kəndində yerləşən MAĞARA LABİRİNTLƏRİDİR (kürələr). Burada xalq arasında "AĞLAYAN QAYA" deyilən çox orijinal bir təbii hadisəni müşahidə etmək mümkündür. Rəvayətə görə Bu qayadan axan "gözyaşları" əsgər oğlanları həlak olmuş ananın gözyaşlarıdır. Mağaralar orta əsrlərdə Azərbaycanda tayfa müharibələri və yadelli işğalçıların basqınları biş verərkən süni yolla genişləndirilmiş və yaşayış üçün uyğunlaşdırılmış təbii qalereyalar sistemidir.

Qobustan rayonunun inzibati mərkəzi olan MƏRƏZƏ ŞƏHƏRİ rayonun əsas magistral yolunun yaxınlığında, Mərəzə yaylasında yerləşir. Bir rəvayətə görə bu şəhərin adı ("mərəz") nüfuzlu şəxslərdən birinin sevimli arvadı burada məskənləşərək sağaldığına görə bu hadisədən sonra belə adlandırılmışdır. Bu rəvayətin həqiqət olub olmadığını heç kəs bilmir, lakin Mərəzə yaxınlığında bir MİNERAL SU BULAĞI var. Onun suyu şor və acı olmasına baxmayaraq müəyyən mədə bağırsaq xəstəlikləirini sağaldır.

Məşhur ŞIX DÜZÜ kurqanları, b.e.ə. 1-8-ci əsrlərə aid olan, indiki DAĞ KOLANI kəndinin qədim ticarət yollarında yerləşmiş qədim insan məskənlərinin qalıqları, şəhərin ətrafındakı DİRİ BABA türbəsi (15-ci əsr); şəhərin lap mərkəzində yerləşən ŞAH ABBAS Karvansarasının qalıqları göstərir ki, bu yerlərdə ən qədim dövürlərdə insan məskənləri olmuşdur.

Burada lap qədimdən xalça toxumaqla məşğul olurdular. Yerli "MƏRƏZƏ", "ÇUXANLI", "ÇEMCEMLİ" xalçalarının naxışları butun dünyada məşhurdur. "NƏBUR" xalçalarını isə eyni adlı kənddə hələ də əl ilə toxuyurlar.

Mərəzə kiçik şəhərdir. Burada mehmanxana yoxdur. Ona görə də burada yaşamaq üçün otaq və ya xüsusi ev kirayələmək olar. Sizin arzunuzdan aslı olaraq ev sahibləri xörək bişirmək qayğılarını da öz üzərlərinə götürə bilərlər.

ŞAMAXI

 ŞAMAXI RAYONU - Azərbaycanının tarixi vilayəti, keçmiş Şirvanşahlar dövlətinin yerləşdiyi qədim ŞİRVANIN mərkəzidir. O, Böyük Qafqazın cənub-şərq yamaclarında yerləşir. Rayonun əsas hissəsinin iqlimi mülayim isti, yayda quru iqlimdir. Landşaft dəyişkəndir. Burada çölləri dağətəyi çəmənlə, daha sonra meşələr əvəz edir. Dəniz səviyyəsindən yuxanı qalxdıqca payız daha sərin olur, qışda qar bir o qədər çox qalır. Lakin bütövlükdə rayonun iqlimi mülayim, torpaqları münbit, flora və faunası zəngindir. Burada cüyür, qaban, çöl pişiyi, tülkü, canavar, ayı, çoxlu quş növləri yaşayır. Vələs, qayın, palıd kimi enliyarpaq ağaclar bitən meşələr, baharda al qırmızı lalələrə bürünən göy çəmənlər göz oxşayır. Rayonun ərazisində 50 növdən çox dərman bitkisi yetişir.

Şamaxı rayonu Azərbaycanın ən iri üzümçülük mərkəzidir. Şamaxı şərabları təkcə yerli bazarda populyar olmayıb, lap çoxdan beynəlxalq sərgilərdə medal və diplomlara layiq görülmüşdür.

Bu region Azərbaycan paytaxtının sakinlərinin və idman turizmi həvəskarlarının populyar istirahət yeridir. Piyada səfərə çıxmağı xoşlayanlar buradan QUBA və İSMAYILLI şəhərlərinə ekskursiyaya gedirlər. Ekoloji turistlər və adi səyahət həvəskarları CƏNGİ MEŞƏSİNƏ getməyə çalışırlar. Burada yabanı alma, armud, alça ağacları bitir, meşənin kənarında, dərənin yaxınlığında isə yerdən kükürdlü su bulaqları çıxır. Dağ kəndlərində məşhur "ŞİRVAN", "ŞAMAXI", "İSRAFİL" və "ƏRCİMAN" xalçaları toxunur.

Şamaxı rayonunda görməli yerlər çoxdur. PİRSAATÇAY çayının sağ sahilində yerləşən ÇUXURYURD qəsəbəsində əslən Rusiyadan olan molokanlar yaşayır. Onların hazırladığı dadlı günəbaxan yağı, turşuya qoyulmuş tərəvəz, Respublika paytaxtına satmağa apardıqları dağ balı, tərəvəz və meyvələr çox məşhurdur. QIRXBULAQ adlanan ərazidə çoxlu içməli su bulaqları vardır. MƏLHƏM kəndinin yaxınlığında özünün şəfalı xassələri ilə ad çıxarmış məşhur mağara yerləşir. Şərqdə çox məşhur olan şair ƏFZƏLƏDDİN XAQANİ XII əsrdə bu kənddə anadan olmuşdur. Ümumiyyətlə bu diyar özünün şairləri, filosoflar, memarları ilə məşhurlaşmışdır. SEYİD ƏZİM ŞİRVANİ, İMADƏDDİN NƏSİMİ, MİRZƏ ƏLƏKBƏR SABİR, HACI ZEYNALABDİN ŞİRVANİ, MƏHƏMMƏD ŞİRVANİ, ƏZİM ƏZİMZADƏ, ABBAS SƏHHƏT, HƏMƏDİ ŞİRVANİ, FƏLƏKİ ŞİRVANİ - bu diyarın övladlarıdır (onların adlarında "Şirvanı" sözünün tez-tez təkrarlanması Şərqdə qədimdən mövcud olmuş bir ənənə ilə bağlıdır. Adətən, insan məşhurlaşandan sonra qəbul etdiyi soy adında onun anadan olduğu yerin adı əks etdirilir).

PİRQULU qəsəbəsinin yaxınlığında yerləşən Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) dəniz səthindən 1400 metr yüksəklikdədir. Keçmiş SSRİ-də ən böyük teleskoplardan biri məhz burada quraşdırılmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının ilk prezidentlərindən biri - Azərbaycanda neft kimyasının əsasını qoymuş akademik Yusif Məmmədəliyev vaxtıilə bu rəsədxananın təşkil edilməsi üçün çox iş görmüşdür. ŞAR ərazisində indi çalışan alimlərin təşəbbüsü ilə, Y.Məmmədəliyevin minnətdarlıq əlaməti olaraq burada onun heykəli ucaldılmışdır. Bakı məktəbliləri isə Tusi adına ŞAR-a gedib oradakı böyük teleskopa baxmaq üçün haçan ekskursiyaya gedəcəklərini həmişə səbirsizliklə gözləyirlər. Qışda adətən qar yağmayan Bakı sakinləri buraya gəlməyə daha çox can atırlar: axı Pirquluda qar yerdə uzun müddət qalır, deməli buraya gələndə qartopu oynamaq da olar. Yayda isə yerli sakinlər qonaqların arzusu ilə onları at belində gəzintiyə çıxarırlar.

Rayonun tarixi abidələri: CÜMƏ MƏSCİDİ (VIII-X əsrlər); PİRMƏRDƏKAN türbəsi (XIII-XIV əsrlər); ŞAHXƏNDAN türbəsi (XVII əsr); 7 türbədən ibarət olan YEDDİ GÜMBƏZ KOMPLEKSİ (XVIII əsr); Əfsanəvi QALAYİ-BUQURT qalasının qalıqları (XII-XVI əsrlər); eyni adlı dağ kəndinin yaxınlığında yerləşən bu qala sanki sal qayaya yapışmışdır. GÜLÜSTAN qalasında (VIII-XV əsrlər) Şirvanşah Şahrux İran qoşunlarının hücumunu mərdliklə dəf etmişdir. Qalanın içində Şirvanşahın sarayı və unikal su təchizatı sistemi salamat qalmışdır. Buradakı gizli su kəməri müdafiə istehkamlarını su ilə təchiz edirmiş. Suyu saxlamaq üçün nəzərdə tutulan daş çarhovuzlar və su qulləsi də salamat qalmışdır. Rayonun ərazisində yerləşən Pirqulu qoruğu 1968-ci ildə yaradılmışdır. Üç hissədən ibarət olub ümumi sahəsi 1521 hektar olan bu qoruğun ərazisinin 1362 hektarı dəniz səviyyəsindən 800-2000 metr yüksəklikdə yerləşən meşələrdir. Qoruğun florasına 45 növ nadir və endemik bitki daxildir, onların çoxunun adı Qırmızı kitaba daxil edilmişdir.

Rayonun inzibati mərkəzi ŞAMAXI ŞƏHƏRİDİR. Şamaxının əhalisinin sayı 83 min nəfər, Bakıdan məsafəsi 120 km-dir.

 Qədim dövrlərdə "Şarvan", "Əşşəmax", "Şirvan", "Şax-max" adlanmış indiki Şamaxı şəhəri vaxtı ilə Şirvanın-Şirvanşahlar dövlətinin paytaxtı olmuşdur. VIII əsrdə Abbasılər sülaləsi zəifləyəndən sonra yaranmış bir neçə kiçik dövlətdən biri də Şirvanşahlar dövləti idi. Bu şəhərin şanlı lakin faciəli taleyi var-o, dəfələrlə dağıdılmışdır. Bu dağıntılar təkcə işğalçıların basqınları ilə deyil həm də zəlzələlərlə bağlı olmuşdur, çünki bura yüksək sesmik ərazidir. 1191-ci ildə Atabəy ELDƏGƏZLƏR sulaləsindən olan Qızıl Arslan bu şəhəri ələ keçirib onu viran edəndə Şirvanşah I Axsitan öz paytaxtını müvəqqəti olaraq Bakıya köçürmüşdür. 1501-ci ildə isə Şah İsmayıl Səfəvi həm Şamaxını, həm də Bakını tutdu. 37 ildən sonra Şirvanşahlar dövlətinin mövcudluğuna son qoyuldu və Təhmasib Səfəvi Səfəvilər dövlətini yaratdı. Sonrakı dövrlərdə Səfəvilərlə Osmanlı türkləri arasında gedən müharibələrdə Şamaxı dəfələrlə dağıdılmışdır. Belə vaxtlarda İnsanların həlak olması ilə yanaşı memarlıq abidələri və kitablar da məhv edilirdi...

Lakin şamaxılılar həmişə özlərində qüvvə tapıb şəhəri bərpa etmiş, öz güzəranlarını qaydaya salmışlar. Vaxtilə Azərbaycana səyahətə gəlmiş Aleksandr Duma Şamaxı barədə yazmışdır ki, bu şəhərin sakinləri sabaha sağ çıxıb-çıxmayacaqlarını heç vaxt bilmirlər. Hazırda Şamaxının ətrafında çoxlu qədim abidələr qalmışdır.

Şamaxının mərkəzində "sovet tipli" köhnə mehmanxana qonaqlara öz xidmətlərini təklif edir. Burada "MAGIC WORLD" adlı abad və cəlbedici istirahət zonası da var.

PİRQULU qəsəbəsində "FORTUNA" adlı istirahət zonasının rahat kottecləri yerləşir. Bu kotteclərdə hər cür zəruri məişət rahatlıqları yaradılmışdır, peyk televiziyası da işləyir. Kompleks rəsədxananın lap yaxınlığında yerləşir. Buradakı restoranda geniş çeşiddə yeməklər təklif edilir. Restorandan əlavə bar, rəqs meydançası da fəaliyyət göstərir, arzu edənlər üçün at ilə ekskursiyalar təşkil edilir.

ÜNVAN: Şamaxı rayonu, Pirqulu qəsəbəsi; Bakıdakı ofis - Bakıxanov küçəsi, 52.
tel; (99412) 498-67-18, 441-35-50; faks: (99412) 498-68-31;
E-mail: fortuna@bakinter.net

Restoranlar: "ŞİRVANGÖL" (İSMAYILLI və AĞSU rayonlarına gedən yolun kənarındakı süni gölün sahilində yerləşir); "ZÜMRÜD" və "QAYA" restoranlarından baxanda GÜLÜSTAN qalasına gözəl bir mənzərə açılır.

İSMAYILLI.

 Azərbaycanda mövcud olan 8 iqlim zonasından üçünə İSMAYILLI RAYONUNUN ərazisində rast gəlirik. Buranın qış fəsli quru, mülayim keçir, düzənliklərdə havalar isti, yağıntılar müntəzəm olur, dağlarda isə qış soyuq və rütubətli keçir. Rayonun əsas relyefi dağlardan ibarətdir. Buranın çox gözəl təbiəti var. Meşəli dağlar, qayalar, çaylar (GİRDMAN, AX-OX, GÖYÇAY), şəlalələr (QALACIQ - hündürlüyü 50 metr, ÇAYQOVUŞAN - hündürlüyü 30 metr, İSTİSU - hündürlüyü 25 metr, MƏDRƏSƏ - hündürlüyü 25 metr). BABADAĞIN yamaclarında dəniz səviyyəsindən 3500 metr yüksəklikdə 3 təbii göl, KÜRDMAŞİ və AŞIQBAYRAMLI kəndlərinin yaxınlığında düzəldilmiş üç süni göl çox mənzərəli olmaqla bərabər, həm də balıq ovu üçün münasib yerlərdir.

Rayonun ərazisində yerləşən "İSMAYILLI" qoruğu 1981-ci ildə yaradılmışdır. Sahəsi 5778 hektar olan bu qoruq iki hissədən ibarətdir - Topçu və Qalacıq. Onların bir-birindən məsafəsi 1 km-dir. Qoruğun meşələri 5021 hektar, subalp çəmənlikləri 227 hektar yer tutur. Burada 40 növdən çox oduncaq və kol bitğkisi, 170 növ onurğalı heyvana rast gəlmək olar - maral, dağ keçisi, qaban, ayı, canavar, tülkü, dovşan və s.

Bu rayonun adı rus ədəbiyyatının tarixinə düşmüşdür: M.Y. Lermontov İsmayıllının Tircan kəndində olarkən orada Aşıq Qərib haqqında aşıq (xalq müğənnisi) Orucdan və aşıq Ləzgi Əhməddən eşitdiyi dastan əsasında özünün "Aşıq Qərib" poemasını yazmışdır.

Ta qədim dövrlərdən başlayaraq, bu rayonun ərazisində azərbaycanlılarla yanaşı başqa xalqların və etnik qrupların nümayəndələri - ləzgilər, yəhudilər, ruslar (İvanovka kəndində yaşayan molokanlar), lahıclar (iran dilli tayfa), hapıtlar (qədim albanların varisləri) da məskunlaşmışdır.

İsmayıllı rayonunda qədim xəlq sənətlərinin və tətbiqi sənətin ənənələri qorunub saxlanılmışdır. Burada xalçaçılıq (QALACIQ və TƏZƏKƏND kəndləri), misdən hazırlanmış üzərində döymə naxışlar açılan qab və silah, dabbaqlıq, dəmirçilik, ağac və metal üzərində oyma (bu peşələr LAHIC kəndində daha geniş yayılmışdır, bu kəndin mərkəzi küçəsində çoxlu dükan və emalatxanalar), BASQAL kəndində qadınlar üçün "KƏLAĞAYI" adlanan milli baş örtükləri hazırlanır. İpək parçadan hazırlanan kəlağayının naxışları basma üsulu ilə həkk edilir.

LAHIC və BASQAL kəndlərində tarix-mədəniyyət qoruqldarı yaradılmışdır. Buradakı abidələrin çoxu dövlət tərəfindən mühafizə olunur. BƏDOY ZEVERO məscidi (1791-ci il), AĞALI məscidi, ZEVERO bulağı, MƏSCİD və HAMAM (XVIII əsr).

Digər abidələr: XANƏGAH kəndindəki QIZ QALASI (XVII əsr), SULUT kəndindəki FİTDAĞ qülləsi (XVIII əsr) və bir sıra digər arxeoloji obyektlər. Maraqlıdır ki, yerli sakinlər Fitdağ qülləsini Makedonyalı İsgəndər haqqında bir rəvayətlə bağlayırlar. Deyilənə görə, Makedonyalı İsgəndər özü burada düşərgə salmış, onun carçıları isə dağın zirvəsinə qalxıb oradan qızıl şeypurlarla bir-birinə xəbər çatdırmışlar. Ona görə də həmin qülləyə Fitdağ qülləsi deyilir.

Qafqaz Albaniyasının hökmdarlarından biri olmuş Cavanşir (VII əsr) isə, rəvayətə görə, GİRDİMAN çayının sol sahilindəki başqa bir dağın zirvəsində TALISTAN kəndinin yaxınlığındakı qalada yaşamışdır. Sulut kəndində QIRXOTAQ qalası, HARAM qülləsi, XİRƏKİ müdafiə səddi və CÜMƏ MƏSCİDİ də salamat qalmışdır.

İsmayıllı rayonunun inzibati mərkəzi İSMAYILLI ŞƏHƏRİDİR. Şəhərin əhalisinin sayı 74.100 nəfər, Bakıdan məsafəsi 185 km-dir. Buraya gələnlər "TALISTAN" motelində yaxud "QIZ QALASI" istirahət zonasında qala bilərsiniz. Nahar etmək üçün "GÜLÜSTAN" və "BƏDO" restoranlarına, eləcə də əsas nəqliyyat magistralı boyunca yerləşən çoxsaylı kafe və kababxanalara getmək olar.

QƏBƏLƏ

 QƏBƏLƏ RAYONU Azərbaycanın şimal-qərb hissəsində, Şəki-Zaqatala zonasının ərazisində, Dağıstan və Gürcüstan sərhəddində yerləşir. Bu region çox qədim tarixə malikdir. Hələ neolit dövründə burada insanlar yaşamışdır. Qəbələ bir müddət QAFQAZ ALBANİYASININ mərkəzi olmuş, sonra isə ŞİRVANŞAHLAR dövlətinin və ŞƏKİ xanlığının tərkibinə daxil olmuşdur. Rayonun ərazisindən DƏMİRAPARAN ÇAYI, VƏNDAM ÇAYI, BUM ÇAYI, TİKANLI ÇAYI və başqa çaylar axır.

Qəbələ rayonu qoz-fındıq və şabalıd bağları ilə ad çıxarmışdır. Dağ yamaclarında, dəniz səviyyəsindən 1000 m yüksəklikdə məşhur şabalıd meşəsi yerləşir. Baharda şabalıd ağaclarının çiçək açması ecazkar mənzərə yaradır. Bu meşədəki ağaclar çox qədimdir. Onların hər birinin orta yaşı 500 ildən çoxdur. Bu ağaclardan bəziləri dövlət tərəfindən mühafizə olunan təbii abidələr siyahısına daxil edilmişdir. Burada ceyran, cüyür, ayı, canavar, dovşan və yerli faunanı təmsil edən digər heyvanları ovlamaq olar. Respublikanın ən uca zirvəsinə BAZARDÜZÜ dağına (dəniz səviyyəindən 4466 m yüksəklikdə) gedən alpinist marşrutlarından biri bu rayondan keçir.

Rayonun ərazisində tarix, mədəniyyət və memarlıq abidələri çoxdur. Bum kəndindəki məscid (XIX əsr), ƏMİLİ kəndindəki Alban məbədi (IV əsr), BAYRAMKOXA kəndindəki USTACAN qülləsi (IX əsr), NİC kəndindəki HACI QƏRİB məscidi və ÇOTARİ alban kilsəsi, HƏZRƏ kəndindəki ŞEYX BƏDRƏDDİN və ŞEYX MƏNSUR türbələri (XV əsr), ŞƏFİLİ kəndindəki məqbərə (XVII əsr), eləcə də HƏMZƏLLİ kəndindəki ŞIXBABA piri (XVI əsr) və KOMRAD dağının zirvəsindəki KOMRAD piri (sağlığında müqəddəs və əməlisaleh hesab edilmiş insanların dəfn edildiyi yerə pir deyilir).

Nİc kəndinin yaxınlığındakı YALOVLU dağında arxeoloqlar qədim insan məskəninin qalıqlarını aşkar etmişlər. Burada tapılmış arxeoloji mədəniyyət nümunələri Azərbaycanın şimal rayonları üçün səciyyəvidir və elmdə "Yalovlu təpə mədəniyyəti" adı ilə tanınmışdır. Burada dəmirdən və tuncdan hazırlanmış silahlar, qızıl əşyalar, dəyirman daşları və başqa nümunələr tapılmışdır. Xalq sənəti növlərindən ağac emalı (VƏNDAM kəndi), dulusçuluq (QƏMƏRVAN kəndi), xalçaçılıq (LAZA və BUM kəndləri) geniş inkişaf etmişdir. Bum kəndində yaradılmış ZOP-ZOPA folklor ansamblı xarici ölkələrdə keçirilən müxtəlif festifallarda uğurla çıxış etmişdir. Qəbələ rayonunun NİC kəndində udinlər yığcam halda yaşayırlar. Qədim albanların sələfləri hesab edilən bu etnik qrup öz əcdadlarının ənənələrini, dilini, maddi və mənəvi mədəniyyətini bu günədək qoruyub saxlaya bilmişdir.

 Rayonun inzibati mərkəzi olan QƏBƏLƏ ŞƏHƏRİ Şahdağın ətəklərində yerləşir. Eramızın I əsrinə aid Yunan və Roma yazılı mənbələrində (Pliniy) adı çəkilən qədim KABALA şəhəri təqribən 2000 il bundan əvvəl salınmış və 600 ildən çox bir müddətdə Qafqaz Albaniyasının paytaxtı olmuşdur. Qədim Qəbələ şəhərinin xarabaları müasir Qəbələnin yaxınlığında (ondan 15 km məsafədə) QARAÇAY və COVURLUÇAY çaylarının arasındakı ərazidə yerləşir. Qəbələ şəhərinin özündə İMAM BABA türbəsi (XVIII əsr) və CÜMƏ MƏSCİDİ kimi abidələr qalmışdır. Şəhərdə kiçik bir tarix-diyarşünaslıq muzeyi də var. Bu muzeydə rayon ərazisində aşkar edilmiş çoxsaylı arxeoloji tapıntılar toplanmışdır.

Qəbələ şəhərinin yaxınlığında "AY İŞIĞI" istirahət zonası yaradılmışdır."DAĞ TURİST BAZASI" adlanan ekskursiya-turizm xidməti meşədə istirahətin, ekskursiyaların, heyvan və balıq ovunun təşkil edilməsi ilə məşğul olur.

"SAHİL" istirahət zonası (sahəsi 1,5 hektar) Qəbələ-Bakı şosse yolundan 5 km aralıda, Nohur gölünün sahilində yerləşir. Turistlər şəlalələrin yanına, meşəyə, tarixi abidələrin yanına səfər edə bilərlər.

Ünvan: Qəbələ rayonu. Tel: (99450) 354-81-57, 203-13-90.

Nahar etmək üçün "XANLAR" restoranına və çoxsaylı kababxanalara gedə bilərsiniz. VƏNDAM kəndində "ŞƏLALƏ" restoranı var. Restoranın bu cür adlanması onun dağ yamaclarında, birbaşa şəlalənin üzərində yerləşməsini əks etdirir. Lakin bu restoran yalnız yay mövsümündə işləyir. HƏMZƏLLİ kəndində ləzətli qoz halvası yeyə bilərsiniz. Yerli sakinlər bu halvanın hazırlanmasının sirrini heç kəsə açmırlar.

OĞUZ

 OĞUZ RAYONU ölkəmizin Şəki-Zaqatala zonasında Böyük Qafqazın cənub yamaclarında yerləşir. Şimaldan Rusiya ilə həmsərhəd olan bu rayon o qədər gözəldir ki, onu haqlı olaraq, "Azərbaycanın İsveçrəsi" adlandırırlar. Rayon ərazisinin yarısından bir qədər azı meşələrlə örtülüdür. Burada çoxlu şəlalə, kükürdlü və termal su bulaqları var. Rayonun faunası dovşan, ayı, dağ keçisi, qaban, qırqovul, kəklik, qaz, həmçinin som və forel balıqları ilə təmsil olunmuşdur. Rayon ərazisində müxtəlif meyvələr və giləmeyvələr - qoz, fındıq, alma, armud, zoğal, yemişan, gilas, alça, qarağat və moruq yetişir.

Ənənəvi xalq sənətlərindən xalçaçılıq (Filfilli kəndi), metal və ağac üzərində oyma (BAŞ, DAŞ, AĞIL kəndi) davam etdirilir. Buradakı insanlar hələ neolit dövründə oturaq həyat tərzi keçirirdilər. Bizim eranın əvvəllərində bu ərazi Qafqaz Albaniyasının tərkibinə, XVIII əsrdə isə Şəki xanlığının tərkibinə daxil olmuşdur. Arxeoloqlar KƏRİMLİ və QARABALDIR kəndlərinin yaxınlığında qədim insan məskənləri aşkar etmişlər. Burada nizələr üçün ucluqlar, tunc silah, daşdan hazırlanmış qadın heykəlləri və əsalar tapılmışdır.

Rayon ərazisində qədim tarix və memarlıq abidələri çoxdur. XAÇMAZ kəndi yaxınlığındakı SARISU çayının üstündəki DAŞÜZ körpüsü (XIX əsr), SİNCAN kəndindəki MƏSCİD (XVIII əsr), KƏRİMLİ kəndindəki MƏQBƏRƏ (XV əsr), MUXAS kəndindəki üçmərtəbəli qüllə (XIV əsr), XAÇMAZ kəndində QALADAĞ dağının zirvəsində yerləşən müdafiə təyinatlı QABUR qülləsi (VII-XIV əsrlər) yenə də QALADAĞ zirvəsinin yaxınlığında yerləşən, lakin içməli su ilə təchiz olunan GAVURQALA qülləsi (VII əsr), FİLFİLLİ çayının yaxınlığında, QALAÇAY çayının sahilində yerləşən, çay daşından tkilmiş SURXAYXAN qülləsi (XVIII əsr) və s.

Rayonun inzibati mərkəzi OĞUZ ŞƏHƏRİDİR. Oğuz şəhərinin ərazisində qədim SİNAQOQALI (1849-cu il) YƏHUDİ QƏSƏBƏSİ, hazırda yerli diyarşünaslıq muzeyinin yerləşdiyi ALBAN MƏBƏDİ, Azərbaycan ərazisində hazırda fəaliyyətdə olan ən qədim məktəblərdən biri - XIX əsrdə tikilmiş məktəbdir (PADAR və XAÇMAZ kəndlərində də bu cür məktəblər var).

Burada şəhərdən 15-20 km aralıda balıq və heyvan ovu üçün münasib yerlər çoxdur. Şəhərdə və kəndlərdə sizi müşayiət etmək üçün yerli sakinlərdən bələdçilər tuta bilərsiniz. Oğuza gəlsəniz, ən yaxşısı - yerli sakinlərin şəxsi evlərində qalmaqdır. Nahar və qəlyanaltı etmək üçün "Soyuq bulaq", "Qaynana", "Şahdağ", "Qobur", "Kərimli" restoranlarına gedə bilərsiniz.

ŞƏKİ

 ŞƏKİ RAYONU Böyük Qafqaz dağlarının mənzərəli cənub yamaclarında yerləşir. Şəkinin həndəvərində erkən orta əsrlər memarlığının çoxsaylı abidələri - qalalar, müşahidə qüllələri, kilsələr, Qafqaz Albaniyası dövrünə aid məbədlərin xarabalıqları qalmışdır. BİDEYİZ, BAŞ KÜNCÜT, ORTA ZƏYZİT kəndlərindəki abidələr, KİŞ kəndində müqəddəsi Yelisey tərəfindən ucaldılmış kilsə daha çox maraq doğurur. Bu kilsə Müstəqil Dövlətlər Birliyinin ərazisində ən qədim xristian tikilisi hesab edilir. Hazırda həmin kilsə bərpa edilmiş və muzeyə çevrilmişdir.

ŞƏKİ ŞƏHƏRİ Şəki-Zaqatala rayonunun əsas şəhəridir. Azərbaycanın ən qədim və ən gözəl şəhərlərindən biri olan Şəkinin bizim eradan əvvəl birinci minillikdə salınması güman edilir. Ərəb, türk, gürcü, rus və avropa yazılı mənbələrində bu şəhərin adı çəkilir.

Alimlər belə hesab edirlər ki, bu şəhərin adı bir vaxtlar burada yaşamış Sak tayfalarının adından alınmışdır. Şəki Böyük İpək Yolu marşrutu üzərində yerləşir. Ptolemey Şəki barədə qeydlərində onun adını Niqa kimi yazır. Müasir alimlər bu adda şəhəri qədim Nuxa şəhəri ilə eyniləşdirirlər. Yaşlı sakinlər Şəkini hələ də Nuxa adlandırırlar. 1772-ci ildə Şəkini sel basanda şəhər sakinləri yaxınlıqdakı salamat qalmış Nuxa kəndinə köçmüşdülər. Xristianlığın geniş yayıldığı dövrdə Şəki Qafqaz Albaniyasının dini mərkəzlərindən biri idi. Ərəb-Xəzər müharibələri dövründə (VII-XIX əsrlər) bu şəhər hərbi münaqişə və toqquşmalar meydanına çevrilmişdir. Ərəb Xilafəti zəyifləyəndə burada yaradılmış knyazlıq Şirvanşahlar dövlətinin tərkibinə daxil idi.

Elxanilər sülaləsinin hakimiyyəti dövründə Şəkidə tərəqqi mərhələsi başlandı və şəhər yerli hökmdar Sidi Əlinin (Seyid Əlinin) hakimiyyəti altında müstəqil bir ərazinin mərkəzinə çevrildi. Teymurun hücumları zamanı Sidi Əli işğalçılara ciddi müqavimət göstərmiş sonra isə özü başda olmaqla qoşun götürüb o vaxt (1397-1398 illər) ƏLİNCƏ QALASINI qəhrəmancasına müdafiə edən Naxçıvanın köməyinə getmişdir.

Məşhür Şəki bazarlarında qızğın alver gedir, burada taxıl, üstündə döymə üsulu ilə naxış çəkilmiş qab-qacaq, zərgərlərin hazırladığı bəzək əşyaları satılırdı. Şəki ipəyinin müxtəlif növləri olur - yumşaq və qeyri-şəffav, nazik və şəffav, tünd rəngli və ya güləbətin sapla tikilmiş… Bu şəhərin sənətkarları Böyük İpək Yolu boyünca ticarətin inkişafına çox böyük töhfələr vermişlər. Şəki bütün Qafqazın ipəkçilik mərkəzi olmuşdur. 1862-ci ildə Nuxa (Şəki) quberniyasında 62 min 239 pud ipək istehsal edilmişdir. 1861-ci ildə burada ilk ipək əyrici fabrik tikildi. Bu, dünyada ən böyük fabriklərdən biri idi. Artıq 1862-ci ildə Londonda keçirilən beynəlxalq sərgidə Şəki ipəyi qızıl medala layiq görülmüşdü.

Məşhur filosof, yazıçı və maarifçi MİRZƏ FƏTƏLİ AXUNDOV Şəkinin fəxridir. Bu şəhərdə M.F. AXUNDOVUN və SABİT RƏHMANIN ev-muzeyləri yaradılmışdır. ŞƏKİ XAN SARAYI xalq memarlığı ilə (ağac və gəc üzərində oyma) şərqin saray memarlığı ənənələrinin (lakla çəkilmiş divar rəsmləri) əlaqələndirilməsinə aid nadir nümünədir.

 XVIII əsrdə tikilmiş AŞAĞI KARVANSARANIN və YUXARI KARVANSARANIN ölçüləri onu göstərir ki, orta əsrlərdə burada ticarət çox geniş inkişaf etmişdir.

Şəkinin yaxınlığında, Kiş çayının qərb sahilində qədim "GƏLƏRSƏN-GÖRƏRSƏN" qalasının xarabalıqları qalmışdır. Bu qalanın adından məlum olur ki, onun müdafiəçiləri düşməni bu qalaya buraxmamaq əzmində olmuş və qalanın məğlub edilməzliyinə əmin olmuşlar. Lev Tolstoyun "Hacı Murad" povestinin qəhrəmanlarının başına gələn hadisələr bu qalada cərəyan edir. Aleksandr Düma, Kempfer və N.Rayevski Şəkidə olmuşlar. N.Rayevski öz məktublarında yazırdı: "Bizim düşərgəmiz yulğun, nar, çinar və başqa ağaclar bitən meşədə yerləşir... Nuxa çox gözəl yerdir". 1805-ci ildə Şəki xanlığı Rusiyanın tərkibinə daxil oldu və bir xanlıq kimi onun mövcudluğuna son qoyuldu. Artıq 1819-cu ildə Rusiya çarının fərmanı ilə Nuxa quberniyası yaradılmışdı və Şəki çarın komendantı tərəfindən idarə edilirdi.

Bu şəhərdə cəlbedici mədəniyyət obyektləri çoxdur: Sabit Rəhman adına Dram teatrı, Dekorativ və Tətbiqi Sənət Muzeyi, Rəsm Qalereyası bu cür obyektlərdir.

Şəkinin sakinləri öz bənzərsiz ənənələrini və qədim sənət biliklərini bu gün də qoruyub saxlamışlar. "KƏLAĞAYI" deyilən ipək baş örtükləri hətta Orta Asiya ölkələrinə də ixrac edilir və orada yerli sənətkarlar tərəfindən ipək üzərində naxış salmaq məqsədilə istifadə edilir. Burada üzərində Şəkiyə xas olan xüsusi naxışlar çəkilmiş taxta sandıqlar da hazırlanır. Yerli zərgərlər tərəfindən hazırlanan bəzək əşyalarının forması isə qədim dövrlərdən bəri az dəyişmişdir. Şəkidə TƏKƏLDUZ deyilən tikmə sənəti yüksək dərəcədə inkişaf etmişdir. Əvvəllər bu işlə əsasən kişilər məşğul olurdu. Bundan əlavə, Şəkidə papaqçılıq, musiqi alətlərinin hazırlanması və ŞƏBƏKƏ sənəti davam etdirilir. Naxışlı taxta şəbəkədən hazırlanan və rəngli şuşə salınan bu cür çərçivələr adətən qapı və pəncərə yerlərində istifadə edilir. Azərbaycanda analoqu olmayan orijinal Şəki mətbəxi də Şəkinin bənzərsiz mədəniyyətinə daxildir. Şəkililərin bişirdiyi qeyri-adi şirniyyat (Şəki halvası) düyü unundan yoğrulmuş xəmırdən nazik yuxa yayılması və onun doğranıb naxışlı şəkildə hörulməsi yolu ilə alınır.

Şəkiyə gələnlər "ŞƏKİ-KARVANSARA" otelində qala bilərlər. Eyni vaxtda 75 nəfərə qədər qonaq qəbul etməyə imkan verən bu müasir mehmanxana kompleksində 38 nömrə, o cümlədən 8 ədəd iki mərtəbəli "lüks" nömrə, əyləncə mərkəzi, diskoteka, konfrans zalı, kafe, qış və yay restoranları vardır. Burada ekskursiyaya və gəzintiyə çıxmaq üçün imkan var.

Ünvan: Şəki şəhəri, Axundov prospekti, 185.

Telefon: (994177) 4-31-72, 4-48-14, (99450) 318-81-83.

Bundan əlavə, "Şəki" mehmanxanasında və yeni Olimpiya Kompleksinin kotteclərində də qala bilərsiz. Bu kompleks trenajor zalı, böyük tennis oynamaq üçün meydançalar, il boyu fəaliyyət göstərən üzgüçülük hovuzu və komanda idman növləri ilə məşqul olmaq üçün örtülü stadionla təchiz olunmuşdur.

Şəkidə nahar etmək istəsəniz "YEDDİ GÖZƏL", "SƏADƏT", "QARABAĞ", "SOYUQ BULAQ", "MARXAL" restoranlarına gedə bilərsiniz.

İstəsəniz, Şəkinin özündə deyil, yaxınlıqdakı Kiş kəndində - "MARXAL" istirahət zonasında qala bilərsiniz. İstirahət zonasının ərazisi 4 hektardır. Buradakı 11 nömrəlik mehmanxana eyni vaxtda 30 nəfərə qədər qonaq qəbul etməyə imkan verir. İstirahət zonasında böyük restoran və kafe var, buradan ekskursiyalar və meşədə gəzintilər təşkil etmək olar.

Ünvan: Şəki rayonu, Kiş kəndi

Telefon: (994177) 6-12-65, (99450) 319-40-40, 329-91-90.

QAX

 Respublikanın şimal-qərbində yerləşən QAX rayonu Gürcüstanla həmsərhəddir. Rayonun cənubunda quru, mərkəzdə mülayim isti və subtropik rütübətli iqlim, dağlarda soyuq, yağıntıların müntəzəm paylanması ilə səciyyəvi olan iqlim şəraitinə malikdir. Gördüyümüz kimi, burada nisbətən kiçik bir ərazidə dörd iqlim zonası vardır. Qaxda temperaturun dəyişmə həddi çox böyükdür, dağların zirvəsində mənfi 40 dərəcədən ACINOHUR gölunun yaxınlığında müsbət 40 dərəcəyə qədər temperatur müşahidə olunur.

Rayonun ərazisində "İLİSU" Dövlət Qoruğu yerləşir (sahəsi 9,2 min hektardır). Burada mühafizə olunan əsas obyektlər orta dağlıq qurşaqdakı meşələrdir (qoruğun ərazisinin 90%). Burada təqribən 300 növ bitki, o cümlədən 90 növ oduncaq və kol bitkisi, bir sıra endemik və məhv olmaq həddində olan bitki növlərinə rast gəlmək mümkündür. Dağ meşələrində ayı, dağ keçisi, canavar, qaban, vəhşi pişik və çaqqal yaşayır. QANIQ-ƏYRİÇAY vadisi rayonunda heyvan və balıq ovu üçün münasib yerlər vardır.

Qax rayonunun ərazisində tarixi abidələr çoxdur. Arxeoloqların burada aşkar etdiyi kurqanlar hələ tunc dövründə bu regionun məskunlaşmış olduğunu sübut edir. XVIII əsrdə tikilmiş ULU KÖRPÜ, SUMUQ QALASI və onun mərkəzində yerləşən məscid əvvəllər İlisu sultanlığının paytaxtı olmuşdur. Sumuq xalqın yaddaşında Şeyx Şamilin məsləkdaşı, yerli sultanların sonuncusu olmuş DANİYAL BƏYİN arxasında dayanan qüvvələrdən biri kimi qalmışdır. Bu yerlərdə insanlar çox qədim dövrlərdən məskünlaşmışdır. Arxeoloqlar burada bizim eradan əvvəl I əsrə aid küp qəbirləri aşkar etmişlər. İlisuda hündürlüyü 10 metrə bərabər olan kvadrat şəkilli KEŞİKÇİ QÜLLƏSİ də salamat qalmışdır (XV əsr). Bu kəndin ətrafında çoxsaylı kükürdlü termal bulaqlar vardır.

TİRMƏÇİ kəndinin yaxınlığında, qocaman palıd ağacları bitən meşədə ŞEYX ŞAMİLİN naibi (sərkərdəsi) HACI MURADIN qəbri var. Onun məzarı üzərində qoyulmuş baş daşında ərəb dilində bu sözlər yazılmışdır: "Burada böyük cəfakeş, milliyətcə avar olan Hacı Murad Xunzaxski dəfn edilmişdir".

Qum kəndinin yaxınlığında Qafqaz Albaniyası dövrünə aid abidələr - SIRTQALA istehkamı (XVIII əsr), QUM BAZİLİKASININ xarabaları (V əsr), DƏYİRMİ MƏBƏD (VII əsr), LƏKİT kəndində isə MƏBƏD KOMPLEKSİ (XII əsr) salamat qalmışdır.

SARIBAŞ və CƏLAİR kəndlərində yerli sənətkar qadınlar orijinal naxışlı xalçalar və yun corablar toxuyurlar. QAXBAŞ kəndində isə yerli sakinlər ev şəraitində şərab istehsal edirlər.

Qax rayonunun inzibati mərkəzi - QAX ŞƏHƏRİ dəniz səviyyəsindən 500 metr yüksəklikdə yerləşir. QURMUXÇAY adlı dağ çayının sahilində, Böyük Qafqaz dağlarının ətəklərində yerləşən bu şəhərin adının mənası "Qala" deməkdir.

Buraya gələnlər "İLİSU" pansionatında qala bilərlər. Hərçənd pansionat şəhərin mərkəzində deyil, KUMRUXÇAY adlı dağ çayının sahilində, rayon mərkəzindən 10 km məsafədə yerləşir. Pansionatın rahat kottecləri, yüksək səviyyədə servis xidmətləri təklif edilən mehmanxana kompleksi var.

Sizin arzunuzla, tarixi abidələrə ekskursiyalar təşkil etmək olar.

Ünvan: Qax rayonu, İlisu kəndi.

Telefon: (994144) 5-42-33, (99450) 328-56-165.

Qaxın özündə iki mərtəbəli, kifayət qədər rahatlığı olan mehmanxanada qala bilərsiniz. Nahar etmək üçün "MƏRKƏZ" və "BAŞ QALA" restoranlarının xijmətlərindən istifadə etmək olar.

ZAQATALA

 ZAQATALA RAOYNU Böyuk Qafqazın yamaclarında, respublikamızın şimal-qərb bölgəsində yerləşir. Rayon şimal-şərq tərəfdən Rusiya ilə həmsərhəddir. Rayonun relğyefi dağlıq və düzənlik, iqlimi - dağlarda soyuq və düzənliklərdə istidir. Rayonda meşə çoxdur, lakin onlar əsasən dağlarda və dağ ətəyi bölgədə yerləşir. Zaqatala rayonun florası müxtəlif qiymətli ağac növləri ilə zəngindir - şabalıd, qoz, fındıq, palıd, vələs, qarağac və s. Fauna - maral, dağ keçisi, qaban, ayı, canavar, dovşan, hamçinin çoxlu quş növləri ilə təmsil olunmuşdur - qıqovul, kəklik, dağ şahini, çalağan, turac, dolaşa və bülbül.

1929-cu ildə burada, Baş Qafqaz dağlarının cənub yamaclarında "ZAQATALA" Dövlət qoruğu yaradılmışdır. İndi sahəsi 23.843 hektar olan bu qoruq dəniz səviyyəsindən 650-3646 metr yüksəklikdə yerləşir və həm Zaqatala, həm də Balakən rayonlarının ərazisini əhatə edir. Qoruğun ərazisində turistlərin istirahət etməsi və gecələməsi üçün münasib yerlər var. QAS kəndini yaxınlığında qışda bol qar yağır.

Zaqatala rayonunda azərbaycanlılarla yaqaşı başqa millətlərin etnik qrupların nümayəndələri də yaşayır - ruslar, avarlar, ləzgilər, tsaxuolar, tatarlar, ingiloylar - burada təqribən 20-yə yaxın xalq dinc yanaşı yaşayır.

Rayonun tarixi abidələri ən qədim vaxtlarda indiyə qədər salamat qalmış kəndlərdə yerləşir. GÖZBARAX və HALAL kəndlərində 18-ci əsrə aid məsçidlər, KEBELOBA kəndində 14-cü əsrə aid iki qüllə, MAZIX kəndində 12-ci əsrə aid qüllə, YUXARI ÇARDAXLAR kəndində 5-ci əsrə aid pəri qalası, CAR kəndində 14-ü əsrə aid CİNGƏZ qülləsi və rayon Tarix-diyarşünaslıq muzeyi, PAŞAN kəndində Alban qülləsi (13 əsr) və AXAXDƏRƏ kəndindəki Alban qülləsi (12 əsr), rayonun müxtəlif kəndlərində ƏLİABAD və MOSUL kəndlərində 19 əsrdə tikilmiş məsçidlər salamat qalmışdır.

Turistlər Zaqatala şəhərindən 6 km şimal-qərbdə yerləşən CAR kəndinə getməyi çox xoşlayrlar. Bu kənd yerli təbiətin gözəl güşəsi olmaqdan əlavə, orada məhz bu regiona xas olan orijinal memarlaq-inşaat və məişət ənənələri qorunub saxlanmışdır.

 Zaqatala rayonunun inzibati mərkəzi olan ZAQATALA ŞƏHƏRİ dəniz səviyyəsindən 535 metr yüksəklikdə TALAÇAY çayının sahilində yerləşir. Şəhərin əhalisinin sayı 109.300 nəfər, Bakıdan məsafəsi 372 km-dir.

Bu şəhər özünün iqlim xarakteristikalarına və gözəl təbiətinə görə əsl kurort adlandırılmağa layiqdir. Burada 15 hektar sahədə mədəniyyət və istirahət parkı salınmışdır, çox maraqlı bir təbii abidə - 800 yaşlı çinar ağacı da burada yerləşir.

Şəhərdəki qədim QALA (1830-cu il) təkçə qədimliyinə görə deyil, həm də ona görə maraqlıdır ki, vaxtilə "POTYOMKİN" zirehli qəmisində qiyam qaldırmış matrosları buradakı həbsxanaya salmışdırlar. Gəmidə təşkil edilmiş qiyamın iştirakçılarından S.Demaşkoya yerli parkda abidə qoyulmuşdur. Pambıqyığan maşının sükanı arxasına keçmiş ilk azərbaycanlı mexanizator qadın Sevil Qazıyevanın abidəsi də maraqlıdır.

Zaqatala şəhərindəki Tarix-diyarşunaslıq muzeyində orta əsrlərə aid əlyazmaların zəngin kolleksiyasının toplanmışdır. Zaqatalaya yay vaxtı gələnlər CAR kəndinin yaxınlığında meşədə yerləşən "LƏZZƏT" istirahət zonasının kotteclərində, AŞAĞI TALA kəndindəki "TALA" otelində və "TURQUT" motelində qala bilərlər.

Şəhərdə nahar etmək üçün "LƏZZƏT", "MURAD", "GÖRÜŞ", "TURAN" və "TALA" restoranlarının xidmətlərindən istifadə edə bilərsiniz.

BALAKƏN

 Azərbaycanın şimal-şərqində yerləşən BALAKƏN RAYONU cənubdan və qərbdən Gürcüstanla, şimaldan və şərqdən Rusiya ilə həmsərhəddir.

Rayonun relyefi təzadlı olması ilə seçilir: burada dağlar və düzənliklər bir-birini əvəz edirlər. Düzənlik bölgələrdə mülayim isti, qışda quru, dağətəyi sahələrdə isə yağıntıların mümtəzəm paylanması ilə seçilən mülayim isti, dağlarda isə soyuq rütübətli qış müşahidə olunur (orta illik rütübət səviyyəsi 40% çoxdur).

Burada çoxsaylı dağ çayları, KATEX dağının yaxınlığında gözəl bir göl var, rayonun şimalında isə ərazi başdan-başa meşələrlə örtülmüşdür. Zaqatala qoruğunun ərazisinin yarıdan çox hissəsi Balakən rayonunda yerləşir. 1929-cu ildə burada, Baş Qafqaz dağlarının cənub yamaclarında "ZAQATALA" Dövlət qoruğu yaradılmışdır. İndi sahəsi 23.843 hektar olan bu qoruq dəniz səviyyəsindən 650-3646 metr yüksəklikdə yerləşir. Bu qoruq özünün bitki örtüyünün xarakterinə görə dağlıq-meşəlik (67,4%) və dağlıq-çəmənlik hissələrə bölünə bilər. Qoruğun vlorasına mindən çox, o cümlədən nadir bitki növləri daxildir (vələs, qızılağac, palıd, qoz, şabalıd, akasiya, 30 növdən çox dərman bitkisi). Bu regionun faunası da zəngindir. Qara rəngli qafqaz meşə xoruzunun burada geniş yayılması xüsusi qeyd edilməlidir.

Rayonun ərazisində tarixi və memarlıq abidələri çoxdur. Arxeoloqlar burada erkən dəmir dövrünə aid çoxlu qədim insan məskənləri aşkar etmişlər. Məsələn, MAHAMALLAR kəndindən 2 km aralıda GÖBƏK qayasının yaxınlığındakı NOXO mağarasında erkən dəmir dövrünə aid insan məskənlərinin izləri qalmışdır. Yenə orada, MAHAMALLAR kəndinin yaxınlığında küp qəbirləri (bizim eradan əvvəl II-I əsrlər), pir və yaşayış tikililərinin qalıqları (V-VIII əsrlər), məsçid (XVIII əsr), qüllə (XIX əsr), qala divarları salamat qalmışdır.

QULLAR kəndində XVIII əsrə aid YERALTI SU ANBARI və MƏSÇİD, TÜLÜ kəndində XIV əsrə aid MƏQBƏRƏ, HƏNİFƏ kəndində XIV əsrə aid MƏBƏD, XALATALA kəndində XVI əsrə aid MƏSÇİD, HƏNİFƏ və MAZIMÇAY kəndlərində ALBAN MƏBƏDLƏRİ, QULLAR kəndində, GÜMBƏZ çayının sahilində XII əsrə aid PƏRİ QÜLLƏSİ, MƏKLƏKAN dağında erkən orta əsirlər dövrünə aid ŞƏHƏR YERİ qalmışdır.

Balakən rayonunun inzibati mərkəzi BALAKƏN ŞƏHƏRİDİR. Onun əhalisinin sayı 85.300 nəfər, Bakıdan məsafəsi 394 km-dir. Şəhərdə XVII-XIX əsrlərə aid, minarəsinin qeyri-adi dərəcədə hündür olması ilə maraq doğuran məsçid binası salamat qalmışdır.

Rayonun diyarşunaslıq muzeyində bu region üçün ənənəvi sənət məmulatları, buranın hələ neolit dövründə məskunlaşmış olmasının təsdin edən arxeoloji tapıntılar, diyarın tarixi ilə bağlı hadisələri izləməyə imkan verən digər eksponatlar toplanılmışdır. Balakəndə misgərlik, şəbəkə (qapı və pəncərələr üçün naxışlı ağac çərçivələr hazırlanması), ağac üzərində oyma və dulusçuluq peşələri yaxşı inkişaf etmişdir. Azərbaycanda nadir hallarda rast gəlinən TƏKƏLDUZ tikmə növü də burada qorunub saxlanmışdır (Təkəlduz - tünd fonda ipək sapla əlvan fantastik naxışlar tikmək sənətinə deyilir).

Balakəndə sahəsi 7,5 hektar olan böyük şəhər parkı var. Şəhərdə gəzintidən sonra bu parkda dincəlmək mümkündür.

Buraya gələnlər moteldə və mehmanxanada qala bilərlər, lakin mehmanxana və motel qızdırılmadığı üçün orada yalnız yay vaxtı qalmaq məsləhətdir.

Nahar etmək üçün "KATEX", "ŞABALIDLIQ", restoranlarına və açıq səma altında yerləşən çoxsaylı kababxanalara gedə bilərsiniz.